İnsanlar yalnız güvəndikləri şeyləri alar və istifadə edərlər. Amma, bu güvəni yaratmaq müəyyən vaxt tələb edir. Çünki, heç kim qarşısına çıxan ilk saytda stop edib qərar qəbul etmir. İnsanlar qərar qəbul etməzdən öncə saatlarla, günlərlə araşdırır və müqayisə edir.
Təbii ki, söhbət rasional istifadəçidən gedir.
Buna görə də, satılan məhsul və xidmətdən asılı olmayaraq, təqdim olunan vebsaytda güvən yaratmaq alıcının yolunda (Buyer’s Journey) edəcəyimiz ən vacib faktorlardan biridir.
Bəs istifadəçi vebsaytda olduğu müddətdə onda necə güvən yaratmaq olar?
Yüksək keyfiyyətli və real fotolardan istifadə etmək
Saytın sürətinə təsir etməyəcək səviyyədə yüksək keyfiyyətli və maksimum real foto/videolardan istifadə etmək lazımdır. Əsas da stok şəkilləri silməyin vaxtıdır! 🙂
Rəylər
Müştərilərinizin rəylərini istifadəçilərlə paylaşmaq güvən yaradır. Beləliklə, artıq onlar bu məhsul və xidmətdən istifadə edən insanların olduğunu və onların nə düşündüyünü görmüş olur. Təbii ki, bu rəylər real şəxslər tərəfindən olmalıdır.
Asan əlaqə
İstifadəçilər sizinlə müxtəlif kanallardan rahatlıqla əlaqə saxlaya bilməlidir. Buna görə, e-mail, əlaqə nömrələri, ünvan, sosial şəbəkə səhifələri hər biri açıq şəkildə qeyd olunmalıdır. Əlaqə saxlaya bilməyən istifadəçi dərhal saytı tərk edəcək.
Sertifikatlar, mükafatlar, uğurlar
İndiyə kimi sahənizdə əldə etdiyiniz uğurları və mükafatları sayta əlavə etməyi unutmayın. Onlar hər biri sizin güvənirliliyinizə təsir edir.
Müştərilər
İndiyə kimi əməkdaşlıq etdiyiniz şirkətlərin, müştərilən logolarını Müştərilərimiz bölməsi altında sərgiləyə bilərsiniz.
Haqqımızda
Saytda şirkət haqqında ətraflı məlumatın verilməyi, nə işlə məşğul olduğu, hansı xidmət və məhsulu təqdim etməsinin qeyd olunmağı güvən yaradan detallardandır.
Brend və verdiyi mesajlarda davamlılıq
Saytın dizaynından tutmuş verdiyi mesajlar, istifadə etdiyi medialar və s. hər biri brendin təlimatlarına (brand guideline) uyğun olmalıdır.
Satmazdan öncə öyrət
Rəqəmsal marketoloqların müşahidə etdiyi şeylərdən biri də insanların öyrədici kontentlərə birbaşa satmağa çalışan kontentlərdən daha çox reaksiya verməsidir. Buna görə, vebsaytda ancaq satmağa çalışmaq yerinə istifadəçini ətraflı məlumatlandırıb, öyrədib daha sonra satmağa çalışmaq daha effektiv olur.
Bonus tip: Öyrətmək əvəzinə əyləndirib də sata bilərsiniz 🙂
Komandanı təqdim etmək
Birlikdə çalışdığınız komandanı saytda təqdim etmək istifadəçidə güvən yaradır. Çünki, o, artıq kimlərlə əməkdaşlıq edəcəyini bilir və onları görür. Bunu bilməmək onda qeyri-müəyyənlik yaradır, bu isə bizi satışdan biraz da uzaqlaşdırmış olur.
İstifadəçilərdə güvən yaratmaqda məqsəd – onların beynindəki qeyri-müəyyənliyi minimuma endirmək və təqdim etdiyimiz məhsul / xidmətlə daha çox maraqlanmasına təsir etməkdir.