Saytda Landing Page Strukturu Necə Olmalıdır?

saytda-landing-page-strukturu-nece-olmalidir

Landing page – rəqəmsal marketinqdə istifadəçiləri saytda yönləndirmək istənilən səhifə hesab olunur. Landing page istifadəçiyə maksimum uyğun və rahat olması üçün daim optimizasiya tələb edir. Bunun üçün səhifənin çatdırmaq istədiyi mesaj və dizayn maksimum net olmalıdır.

Sosial media reklamlarına, Google (və ya digər) axtarış, video və banner reklamlarına küllü miqdarda pul xərclənərək sayta trafik cəlb olunur. Lakin, sonda landing page istifadəçinin gözləntisini qarşılamırsa, bu qədər reklam sadəcə pul itkisi olacaq.

Fikrimcə, ideal landing page istifadəçini satışın ilk mərhələsindən sonuncu mərhələsinə qədər hazırlayan bir axın şəklində olmalıdır. Belə bir səhifəni hazırlamaq isə insan psixologiyası haqqında məlumatlı olmağı tələb edir.

Marketinqin sözsüz ki, ən maraqlı cəhəti insanın davranış psixologiyası ilə assosiasiyasıdır. İnsan davranışlarından danışarkən, burada dərin tibb təhsilindən yox, insanların müxtəlif situasiyalarda hansı reaksiyaları verməyi və hansı davranışları sərgiləməyi öncədən sezə bilmə bacarığı nəzərdə tutulur.

Bəs bu psixoloji davranışlardan istifadə edərək konversiyanı artıran landing page necə hazırlamaq olar?

Banner (Key Visual)

İstifadəçi sayta daxil olduğu andan etibarən təklifimizi aydın bir vizualla çatdırmaq landing page hazırlayarkən edəcəyimiz ilk işdir.  Çünki, mesajı ilk saniyədə ötürmək üçün vizualdan daha güclü bir alət yoxdur. Hər bir saytda gördüyünüz iri ölçülü bannerlər də elə bunun üçün mövcuddur.

Unikal Ticari Təklif və Dəyər Təklifi (Unique Selling Point & Value Proposition)

Dəyər təklifi (value proposition) – məhsul və ya xidmətinizin nə olduğu və hansı problemi həll etdiyini bildirən təklifdir.

Unikal ticari təklif (unique selling point) isə – sizin məhsul və ya xidməti rəqiblərdən fərqləndirən və müştərilərin niyə sizi seçməli olduğuna dair iddia etdiyiniz xüsusiyyətdir.

Landing page-də bu hər iki faktoru qeyd etmək istifadəçinin artıq sayta “eniş etdiyi” ilk saniyələrdə sizin haqqınızda fikir formalaşdırmış olacaq. USP isə istifadəçinin səhifəni daha çox kəşf etmək istəməsinə səbəb olacaq.

Call To Action (CTA) – Hərəkətə Çağırış

Təklifinizi və sizi fərqləndirən faktor haqqında məlumatlanan istifadəçini gəzintisinin ilk saniyələrində satışa yaxınlaşdırmaq üçün banner və ya bannerə yaxın bir hissədə CTA button qoymaq bizi məqsədimizdə bir az da yaxınlaşdıracaq.

Amma aldığı məlumatla kifayətlənməyən və daha çox “razı düşmək” istəyən istifadəçi səhifəni gəzməyə (scrolling) davam edəcək. Bəs bundan sonrakı mərhələdə onlara nələr göstərə bilərik?

Aydın & Uyğun Mətn (Clarity & Relevance)

Səhifədə çox mətn yerləşdirməyə ehtiyac yoxdur. İstifadəçi onu tez və rahat oxumağı, daha doğrusu “skan etməyi” bacarmalıdır. Əsas mesajları qısa zamanda çatdırmaq üçün bullet points dediyimiz maddə şəklində sıralamalardan istifadə edə bilərsiniz. Həmçinin, istifadəçinin istədiyimiz “action”ı etməsi üçün səhifədəki bütün diqqət yayındırıcı detallar qaldırılmalıdır.

Mətnin aydın və qısa zamanda tez başa düşülən olmasından başqa istifadəçinin axtarışı ilə kifayət qədər uyğunluq təşkil etməlidir. Landing page-ə düşən insan axtardığı şeyi tapmasa həmin an səhifədən ayrılacaq. Bu isə öz barəbərində saytın Bounce Rate göstəricisini yüksəldir.

*Bounce Rate – istifadəçinin sayta gəldiyi an heç bir şey etmədən çıxma göstəricisidir.

Fayda, fayda, fayda

Bu məhsul və ya xidmətin istifadəçiyə faydaları, bununla nə əldə edəcəyi və hansı problemlərinə həll yolu olacağını vizaullar və qısa mətnlərlə izah edin.

Niyə sizi seçək?

Yuxarıda qeyd etdiyim kimi, məhsul və ya xidməti rəqiblərdən fərqləndirən ən vacib xüsusiyyəti vurğuladıqdan sonra onu açıqlayın və niyə sizi seçməli olduqları barədə onları inandırın.

Yalnız 1 Hərəkətə Yönləndirin

Sayta daxil olan istifadəçini bir çox yerə yönləndirmək onda çaşqınlıq və dağınıqlıq yaradacaq. Bildiyiniz kimi, seçimlər çoxaldıqca qərarvermə mərhələsi də uzanır. Bu səbəblə, prosesi maksimum sadələşdirməyə və potensial müştərinin ən qısa zamanda qərar verməsi üçün çalışmalıyıq.

Güvən (Trust Building)

İstifadəçi unikal ticari təklif, dəyər təklifi və faydalarla kifayət qədər tanış olsa da içində hər zaman bir şübhə olacaq. Bu şübhələri azaldaraq onda məhsula, xidmətə, şirkətə qarşı güvən yaratmaq landing page-də edəcəyimiz növbəti mərhələdir.

Siz bu mərhələdə əməkdaşlıq etdiyiniz şirkətlərin logolarını, müştərilərinizin müsbət rəylərini və ya indiyə kimi olan layihələrinizi təqdim edərək oxuyucu da güvən yarada bilərsiniz. Çünki, istifadəçi yalnız güvəndikdən sonra səhifəni gəzməyə davam etmək istəyəcək.

Final CTA

Səhifənin ən son mərhələsində isə istifadəçini istədiyimiz yerə göndərərək onu lead-ə çevirmək lazımdır. Bunun üçün isə son bir CTA (Call To Action) button yerləşdirərək onu satışa daha da yaxınlaşdırmağa çalışırıq.