Hər hansısa kontenti başqaları ilə paylaşmaq, yəni share metriki hazırda ən önəmli sosial media göstəricisinə çevrilib. Postları, xəbərləri yaxınlarımızla paylaşmaq onun ən sürətli şəkildə yayılmasına səbəb olur. Bəs buna səbəb olan nədir? Niyə gördüyümüz bəzi şeyləri həmin an başqaları ilə paylaşmaq istəyirik?
Əslində, bu sualın bir cavabı var: bizdə hər hansısa bir emosiyanı oyatdığı üçün.
Lakin, gəlin bunu daha detallı analiz edək.
Emosiyalara Toxunmaq
Baxan kimi insanlara dərin hisslər keçirdən, xoşbəxtlik, heyranlıq, nostalgiya, qorxu, təəccüb, tiksinmə, aqressiya, üzüntü kimi emosiyalar oyadan kontent artıq məqsədinə çatmış sayılır. İnsanlar keçirdikləri hissləri başqaları ilə bölüşməyi sevirlər və onların da eyni hissləri keçirməsindən əmin olmaq istəyirlər. Çünki, yaxınlarımızla həmişə eyni fikirdə olmaq və bir-birimizi təsdiqləmək istəyirik.
Sevinc və Yumor
İnsanlar onları güldürən və ya xoşbəxt edən məzmunu paylaşmağı sevirlər. Ona görə sosial şəbəkələrdə ən çox paylaşılan videolar gülməli pişik, uşaq videoları və ya memlər olur. Bizi xoşbəxt edən şeyi başqalarına da göstərmək istəyirik.
Xoşbəxtliyi paylaşmaq istəyirik.
Dəyər Yaratmaq və Bilgiləndirmək
İnsanlar sadəcə təəccüblənəndə və sevinəndə yox, eyni zamanda yeni bir şey öyrəndiklərində də bunu paylaşmaq istəyirlər. Bu kontent hər hansısa məsləhət, bilik, faydalı məlumat ola bilər. Nəticədə hər zaman yeni şeylərdən xəbərdar olmağı sevirik və bunu yaxınlarımızın da öyrənməsini istəyirik.
Özünü Eyniləşdirmə
Bəzi filmləri izlədikdən sonra ordakı obrazlar bizdə müəyyən hisslər yaradır. Sanki, özümüzə çox yaxın birini izləyirmiş kimi hiss edirik. Bu hiss – özünü eyniləşdirməkdir (türkçə: özdeşleşme). Yəni filmdəki obrazın həyat tərzi, hərəkətləri, reaksiyaları və ya həyat hekayəsi bizimki ilə çox oxşardısa avtomatik olaraq onunla özümüzü özdəşləşdiririk. Bu isə həmin obrazı daha çox sevməyimizə və yaxın hiss etməyimizə səbəb olur.
Günümüzdə sosial media “obrazları” da buna bənzərdir. Bizimlə oxşar həyat tərzinə malik və ya eyni yumor hissinə sahib insanları, bizi izah edən memləri izləməyi və onları paylaşmağı sevirik. Onlarla empatiya qururuq. Özümüzə aid bir kontent görəndə dərhal dostlarımızla paylaşıb “eynən mən!” demək üçün.
Fərqindəlik Yaratmaq
Özünü eyniləşdirmədən fərqli olaraq, fərqindəlik (awareness) – özümüzlə bağlı hər hansısa məlumatı və ya emosiyanı kəşf etdiyimiz anda yaranır. Fərqindəlik yaşamaq həmçinin, insanın emosional intellektini artıran önəmli faktorlardandır.
Son vaxtlar sosial şəbəkələrdə psixoloji analiz videolarının artmasının səbəblərindən biri də budur. Bu tip videolar özümüzdə olan bir xüsusiyyət barədə fərqindəlik yaşamağımıza səbəb olur. Hətda, sırf bu səbəbdən paylaşım saylarının artması üçün influencerlər qısa müddətli, “Bilmirəm, fikir vermisiniz ya yox, amma..” deyə başlayan videolar çəkərək insanların onsuzda bildikləri mövzulara toxunurlar. 2-ci qarşılaşdığım növ isə “Hərkəsin bu tip dostu var..” deyə başlayan videolardır. Bu da nəticədə videonu həmin dostumuzla paylaşma istəyi yaradır.
Özümüz haqqında yaşadığımız bu fərqindəliyi dostlarımızla və ya eyni mözvunun ona da aid olduğunu düşündüyümüz yaxınlarımızla bölüşmək istəyirik.
Daha Yaxşı İnsan Kimi Görünmək
İnsanlar öz imiclərini, statuslarını yaxşılaşdıran məzmunları paylaşmağa meyillidirlər. Əgər hansısa kontenti paylaşmaq kiminsə daha ağıllı, daha gülməli, daha güclü, daha səmimi, daha dəbli görünməsinə səbəb olarsa, bu paylaşım ehtimalını artırır.
Hərəkətə Çağırış
Sosial mediada interaktivlik, kontentlərin paylaşılmasını artıran digər önəmli faktordur. İnteraktivlik – kontentin paylaşılması üçün izləyiciyə bir səbəb verməkdir. Məsələn, bir fikir paylaşılıb. “Razısansa paylaş”, “Sən də beləsənsə paylaş”, “Sənin də başına gəlibsə paylaş”, “Qoşulmaq üçün paylaş” kimi ifadələrlə izləyiciləri paylaşmağa sövq etmək mümkündür.
Sosial şəbəkələrdə keçirilən müsabiqələr, trendlər, quizlər, stickerlər buna nümunələr ola bilər.
Normaldan Kənar
İnsan beyni şablon sevir. Çünki, hekayələri öz həyat təcrübəmizə uyğun və ya adətən necə olursa o sonluqla tamamlamağı sevirik. Bu halda beyin özünə əziyyət verməmiş olur. Lakin, şablonlar bizim bəzi şeylərə artıq marağımızın azalması və diqqət yetirməməyimizlə də nəticələnə bilir. Beynin nəyəsə reaksiya bildirməsi üçün NORMALDAN KƏNAR bir şey baş verməlidir. Kontentdə gözlənilməyən, normaldan fərqli nüanslar diqqətimizi ən qısa müddətdə çəkir. Hətda təəccüb hissi oyadır. Məsələn, bir pişiyin divara dırmanması və ya itin vurma cədvəlini bilməsi fərqlilikdir. Bu “fərqliliyi” görməsi üçün dərhal dostlarımızla paylaşırıq.
Trendlər və Nəyinsə Parçası Olmaq
İnsanlar öz dəyərləri və seçimləri ilə uyğun olan bir inancı dəstəkləmək üçün onu başqaları ilə paylaşırlar. Bununla onlar bir cəmiyyətin, qrupun, onunla eyni fikirdə olanların bir parçasına çevrilir. Sosial media trendləri də elə bu cür yaranır.
Nəticə olaraq, brendlər viral kampaniyalar yaratmaq istədikdə “share” metrikinə çox önəm verməli və insanların paylaşmağa dəyər bildikləri kontent yaratmağa çalışmalıdırlar.