Bir neçə il əvvəl, Trendyol – Türkiyənin ən böyük e-ticarət platforması tərəfindən istifadə edilən, insanların qərar vermə və alıcı davranışlarına təsir göstərən bəzi psixoloji taktikalar haqqında danışdıq. İndi isə gündəlik milyonlarla istifadəçiyə sahib olan amazon.com e-ticarət veb saytı haqqında oxşar təhlil aparacağıq.
Amazon, Jeff Bezos tərəfindən 1994-cü ildə qurulmuşdur və ilk olaraq onlayn kitab mağazası kimi fəaliyyətə başlamışdır. Hal-hazırda isə dünyanın ən böyük e-ticarət platformalarından birinə çevrilmişdir. Amazon.com, gündəlik milyonlarla ziyarətçisi olan ən çox ziyarət edilən veb saytlardan biridir. Kitablar, geyimlər, ev əşyaları, elektronika daxil olmaqla sayt üzərində 12 milyondan çox məhsul mövcuddur.
Amazon Konversiya Faizini Artırmaq Üçün Nələr Edir?
Amazon, konversiya faizini artırmaq üçün maraqlı rəqəmsal strategiyadan istifadə edir. Tətbiq etdiyi bəzi taktikaları birlikdə analiz edək:
Fərdiləşdirilmiş Tövsiyələr
Amazon alqoritmi, baxış tarixçəsinə və əvvəlki alışlara əsaslanaraq fərdiləşdirilmiş məhsul tövsiyələri təqdim edir. Bu tövsiyələr, digər müştərilər tərəfindən tez-tez alınan və ya baxılan məhsullara əsaslanır. Bir çox e-ticarət saytları bu bölməni “Sizin üçün tövsiyə edilənlər” və ya “Oxşar məhsullar” adlandırırdı. Amma indi bu bölmə qərar qəbul edərkən etibarlılıq və təhlükəsizlik qavrayışını (perception) artırmaq üçün “Ən çox alınan və ən çox baxılan məhsullar olaraq” dəyişdirilib. Eyni məntiq, fərqli yanaşma.
Müştəri Rəyləri və Reytinqlər
Məhsullar haqqında ən çox rəy yazılmış mövzuları filtr edib, sizinlə eyni gözləntilərə sahib insanları tapa bilərsiniz. Bu funksionallıq məhsulun axtardığınız nüanslara nə dərəcə uyğun olub olmadığını öyrənmək və içinizdə heç bir şübhənin qalmaması üçün idealdır.
Məhsul Səhifəsi Təklifləri
Prime Üzvlüyü
Amazon Prime loyallıq proqramı sayəsində müştərilər pulsuz çatdırılma, eksklüziv endirimlər və bir çox əlavə faydalardan yararlanma imkanı əldə edir.
Bu Məhsulu Alan Müştərilərin Sayı
Bir məhsula olan tələb hər zaman qərarlarımızı təsir edir və məhsul haqqında mühakimə yürütməyimizə imkan verir: “bir şeyi bu qədər adam alıbsa, deməli yaxşı olar.”
Çatdırılma Tezliyi
Bəzi məhsullar müəyyən zaman aralığında tez-tez alınmalı olur. Amazon bunu istifadəçilər üçün asanlaşdıraraq sifariş etmək düyməsindən əvvəl “Hər dəfə çatdır” bölməsini əlavə etdi.
Təcili və Məhdud Təkliflər
Məhdud zamanlı təkliflər və aşağı stok xəbərdarlıqlarının göstərilməsi ani alışları təşviq edir.
Sadələşdirilmiş Alış Prosesi (Checkout)
Minimal addımlarla (hazırda 2 addım) sadələşdirilmiş alış prosesi səbətdən imtina hallarını azaldan ən vacib faktordur.
Asan Naviqasiya
Saytda geniş kateqoriyalar, axtarış funksiyaları və detallı filtrlər məhsulları daha asanlıqla tapmağa kömək edir.
Baxış Tarixçəsi
Bu gördüyüm ən faydalı e-ticarət funksionallıqlarında biri ola bilər. Çünki, hər hansısa məhsul səhifəsinə baxıb sonra skrol etməyə davam etdikdə səhifələri itirmək hər kəsin başına gəlir. Amazon, daha öncə baxdığımız məhsulları tapmağı asanlaşdırır.
Məhsul Siyahıları
İstifadəçilər sevdikləri məhsullardan ibarət şəxsi siyahılar yarada və sonra almaq üçün saxlaya bilirlər. Hətta bu siyahıları dostlar və ailə üzvləri ilə paylaşmaq mümkündür. Ailə üzvləri üçün kollektiv alış-veriş siyahısı yaratmaq çox əlverişlidir. Amazon, bu bölməni “influencer”lərin siyahılarını öz izləyiciləri ilə paylaşmaları üçün də istifadə edir.
Tərz İdeyaları və ya Birlikdə Alış
Fərqli ölkələrin e-ticarət saytları fərqli tərzdə cross sell həyata keçirir. Amazon, istifadəçilərə digər müştərilər tərəfindən tez-tez birlikdə alınan / istifadə edilən məhsulları təklif edir. Bu bölmə üçün bir nümunə, birlikdə geyinilə bilən paltarların təklif edilməsidir.
Amazon’un e-ticarət sahəsindəki üstünlüyü, onun geniş məhsul çeşidinə, müştəri yönümlü yanaşmasına və daim innovativ texnologiyalardan istifadə etməsinə bağlıdır. Müxtəlif xidmətləri birləşdirmək və davamlı olaraq yenilik etmək bacarığı, onu digər e-ticarət saytlarından fərqləndirir.