Yəqin razı olarsınız ki, sosial media reklamlarına çox büdcə ayırmaq, hələ çox satış olacaq demək deyil. Google kimi Facebook da gəlir qazanmaq istəyilə yanaşı, reklamların auditoriyasına faydalı olmağı üçün çalışır. Son illər sosial şəbəkələrin günü-gündən dəyişən alqoritmləri, yeni funksiyalarını və s. nəzərə alsaq, hal hazırda organik olaraq (ödənişli reklam olmadan) fəaliyyət göstərmək mümkünsüz hala gəlib. Çünki, onların gəlirinin əsas hissəsi ödənişli reklamlardan (social advertising-dən) gəlir.
Amma bir məsələ var ki, şirkətlərin sosial media fəaliyyətinin əvvəlki illərə nisbətən daha çox inkişaf etməsi, reklam yayımlayan bizneslərin artmasına səbəb olub. Bir ərazidə reklam yayımlayan sayı nə qədər çox olarsa, rəqabət də bir o qədər artmış olur və reklam xərcinin artması ilə nəticələnir.
İnsanların diqqətini çəkməyin getdikcə daha da çətinləşdiyi bu platformalarda effektiv olmayan hər bir reklam sadəcə pul itkisinə gətirib çıxarır. Bütün bu faktorları nəzərə alaraq, keçmiş reklamları da analiz edərək harda və nəyi səhv etdiyimizi araşdırmalıyıq.
Bəs, sosial media reklamlarını necə daha effektiv etmək olar?
1. Doğru Hədəfləmə (targeting)
Əgər reklamlarda öz hədəf kütləmizə uyğun insanları seçməsək pulu tamamən boşa xərcləyirik deməkdir. Məhsul və ya xidmətinizlə maraqlanan insanları müşahidə edin və nümunə bir persona profili çıxarın. Daha sonra həmin personaya aid demografik, davranış və maraq dairələrinə əsasən bir hədəfləmə edə bilərsiniz.
2. Uyğunluq (relevancy)
Düzgün hədəf kütləni seçdikdə reklamlar həqiqətən sizin məhsul və ya xidmətinizlə maraqlanan insanlara çatır və bununla da “engagement rate” artmış olur. “Engagement rate” artdıqca “Relevancy score” (reklamın hədəf kütləyə uyğunluq xalı) artır və bu da daha çox görüntülənmə (impression) yaradır. Nəticədə, keyfiyyətli reklam formalaşır.
3. Yenidən Hədəfləmə (retargeting)
Büdcənin daha effektiv xərclənməsi üçün “Custom audience” listlərdən istifadə edərək retargeting (yenidən hədəfləmə) və ya “Lookalike audience” (izləyicilərinizə oxşar istifadəçilərdən ibarət hədəf kütlə) kampaniyaları yarada bilərsiniz. Bununla şirkətinizi heç tanımayan istifadəçilərin qarşısına çıxmaq əvəzinə, onsuzda məhsul və ya xidmətinizlə daha öncə maraqlanmış və ya tanıyan insanların önünə çıxmış olursunuz. Sizi tanıyan insanların alış ehtimalı, əlbətdə ki, heç tanımayan və ilk dəfə görənlərlə nisbətdə daha çoxdur.
4. Büdcə Optimizasiyası (budget optimization)
Sosial şəbəkələrin reklam algoritmini öyrənərək əlinizdəki reklam büdcəsini effektiv xərcləyə bilərsiniz. Rəqibləri nəzərə alaraq ona uyğun gündəlik optimal büdcəni müəyyən etmək lazımdır. Əgər dizayn, mətn, reklam formatı və s. hər şey hədəf kütləsinə uyğun olarkən, təyin olunan büdcə çox aşağı olarsa, reklam hədəfə çata bilməyəcək.
5. Spesifik Hədəfləmə (narrow audience)
Səhifədə bir çox məhsulun və ya xidmətin satışı ilə məşğul olduqda hamısı üçün ümumi bir hədəfləmə etmək doğru addım olmayacaq. Daha çox geridönüş üçün, hər reklam üçün ən uyğun və spesifik hədəf kütləni yaradın. Bir reklam postunda bir neçə fərqli hədəf kütləni və bir-biri ilə əlaqəsi olmayan maraq dairələrini hədəfləmək yerinə, yalnız bir hədəfə fokuslanmaq daha məqsədəuyğundur.
6. Eyni Hədəf Kütlə ilə Daha Az Reklam
Sosial şəbəkələrdə reklamlar auksion sistemi ilə yayımlandığı üçün eyni hədəf kütləsi ilə çox reklam yayımlandığı təqdirdə reklamların effektivliyi aşağı düşmüş olur. Çünki, bu zaman reklamlar bir-biri ilə eyni auksiyona girərək yarışmış olurlar.
7. Qısa və Net Mesajlar
Çox qarışıq şəkillər, uzun mətnlər məhsulunuzu arxa plana ataraq izləyicinin diqqətini çəkə bilməyəcək. Ona görə bir postda yalnız 1 mesaj verməyə fokuslanaraq maksimum qısa, net və sürətli şəkildə mesajı ötürməyə çalışmalıyıq. Çünki, günümüzdə insanlar daha səbirsizdir və gündə yüzlərlə reklamla qarşılaşırlar. Kontent onların daha rahat həzm edə biləcəkləri şəkildə yaradılmalıdır.
8. CTA (Call To Action)
Hədəf istifadəçi reklamı gördükdən sonra növbəti mərhələnin nə olduğunu bilməlidir. Onu harasa istiqamətləndirməsək, nə edəcəyini bilməz və sadəcə reklamı görüb keçəcək. Buna görə reklamlarda CTA (call-to-action) yerləşdirməyi unutmayın. CTA müxtəlif formalarda ola bilər: istifadəçi vebsayta, səhifəyə, whatsapp-a, mesaj bölməsinə, forma və ya əlaqə nömrəsinə yönləndirilə bilər.
Pingback: Saytda Landing Page Strukturu Necə Olmalıdır? | Rəqəmsal Marketinq