Hər gün yüzlərlə reklama, bildirişlərə məruz qalır və bir çox veb sayta daxil oluruq. Ancaq bu reklamların, mətnlərin, bannerlərin və ya veb saytların çox az hissəsi diqqətimizi çəkir. Hər gün sosial mediada, axtarış motoru reklamlarında və ya veb saytlarda gördüyümüz reklamların çoxu göz ardı edilir. Marketinq büdcələrinin ziyan olmasının əsas səbəblərindən biri də budur.
Çatılan İstifadəçi Sayını Yox, Əsas Nəticəni Ölçün
Yaxşı bir reklam hər şeydən öncə diqqəti cəlb etməyi bacarmalıdır. 3 saniyədə istifadəçinin diqqətini çəkə bilməsək, o anda onu itirdik deməkdir. Bütün reklamlar minlərlə insana çata (reach) və ya çoxlu görüntülənmə (impression) əldə edə bilər. Bəs onlardan neçəsi əsas hədəfə çatmağı bacardı?
Bu blog postda, reklamlarınızda istifadə edə biləcəyiniz marketinqdə / rəqəmsal psixologiyada ən vacib diqqət prinsiplərini (attention principles) paylaşacağam.
KONTRAST
Kontrast, bir elementin dizayndakı (və ya mətndəki) digər elementlərdən fərqlənməsi deməkdir. İnsanlara nəyin vacib olub-olmadığını kontrast vasitəsilə göstərin. Şəkillərinizdə, videolarınızda, yazılarınızda kontrast prinsipindən istifadə edin. İnsanlar həmişə digərlərindən fərqlənən şeylərə diqqət yetirərlər.
BOŞLUQ
Boşluq insanlara verilən məlumatları daha rahat oxumağa, qavramağa və fikrin yayınmamağına kömək edir. Mürəkkəb, qarışıq dizaynlar və ya mətnlər həmişə insanları yorur və diqqətimizi itirməyimizə səbəb olur.
İNSANLAR VƏ ÜZLƏR
Veb saytınızda və ya sosial mediada üzlərdən istifadə etmək insanları həmin istiqamətdə baxmağa vadar edir. Bu sadəcə instinktdir. Marketinqdə insanların diqqətini çəkmək üçün bu instinktdən istifadə edə bilərsiniz.
HƏRƏKƏT
Gözlər həmişə hərəkət edən şeylərə diqqət yetirir. Hərəkətli elementlər hər dəfə veb saytlarda, hərəkətli dizaynlarda (motion design), videolarda insanların diqqətini çəkməyi bacarır. Reklamla bağlı əsas mesajınızı çatdırmaq üçün hərəkət edən elementlərdən istifadə edə bilərsiniz.
QAYDALARI POZ
Bir sıradakı fərqli olan element hər zaman diqqət çəkəcəkdir. Qaydaları pozaraq fərqli baxış bucağı ilə düşünün.
İNSANLARIN ÖZ ADLARI VƏ ÜZLƏRİ
İnsanlar adlarını və ya şəkillərini görəndə reaksiya bildirməyə daha çox meyillidirlər. Üzərində adlar yazılmış Coca-Cola butulkalarını xatırlayırsınızmı? 🙂
Diqqət Çəkib-Çəkmədiyimizi Necə Bilə Bilərik?
Nəticəni ölçərkən hər bir reklam üçün doğru KPI-ların müəyyən edilməsi ən vacib addımlardan biridir. Hər reklam üçün əsas KPI-ı tapın. Reklamınız 100.000 adama çatıb, ancaq cəmi 10 nəfəri məhsulu alıbsa, bu uğurlu bir reklam demək deyil.
Pingback: Daha Effektiv Sosial Media Reklamları Üçün 8 Metod | Digital Marketing