2021 -ci ilin son araşdırmalarına görə, Google reklamlarına daxil olan istifadəçilərin məhsul və ya xidməti almaq ehtimalı 50% daha çoxdur. Əlavə olaraq, Google reklamları ümumi marka fərqindəliyini 80% artırır. (WebFx)
Ancaq Google Reklamları sosial media reklamlarından öz qaydaları və tələbləri ilə fərqlənir. Rəqəmsal marketoloqlar Google Ads kampaniyalarına başlayarkən çox diqqətli olmalıdırlar. Çünki etdikləri kiçik səhv, reklam büdcəsinin heyf olmasına səbəb ola bilər.
Google Reklamlarında Daha Az Büdcə İlə Satışlarınızı Necə Effektiv Artıra Bilərsiniz?
Daha çox klik ilə istifadəçinin axtarışlarına daha uyğun kampaniyalar üçün ən uğurlu Google reklam strategiyalarından biri haqqında bəhs edəcəm. Bu “Tək Açar Sözlü Reklam Qrupu (Single Keyword Ad Group)” strategiyası adlanır.
Google Ads kampaniyasının əsas məqsədlərindən biri, Quality Score-u artıraraq daha yüksək CTR (click-through-rate) əldə etməkdir. Quality Score-u artıran əhəmiyyətli göstəricilərdən biri də Ad Relevance (reklam uyğunluğu)-dur.
Mənbə: Wordstream
Quality Score nədir?
Quality Score, reklam sıralamasını (Ad Rank) və reklamın bir klik başına düşən xərcinə təsir edən bir göstəricidir. Daha yüksək Quality Score, reklamlarınızın daha yaxşı performans göstərəciyini bildirir. Əlavə olaraq, Quality Score daha yaxşı reklam sıralamasına (Ad Rank) və daha yüksək klik nisbətinə (CTR) səbəb olur. Daha yüksək CTR isə, reklamlarda bir klik başına düşən xərci (CPC) azaldır.
Google reklamları Quality Score-u üç faktorla təyin edir: expected clickthrough rate (gözlənilən klik dərəcəsi), ad relevance (reklam uyğunluğu), və landing page experience (vebsayt təcrübəsi).
Single Keyword Ad Group (Tək Açar Sözlü Reklam Qrupu) Strategiyası nədir?
Single Keyword Ad Groups, hər bir açar söz üçün xüsusi yaradılmış reklam qruplarıdır. Açar sözlər araşdırıldıqdan sonra açar sözləri qruplaşdırılmalı və hər biri üçün xüsusi reklam qrupları və reklamlar yaratmalıyıq.
Google Reklam Kampaniyalarınızda Niyə “Single Keyword Ad Group” Strategiyasından istifadə etməlisiniz?
Reklamlar və hədəf auditoriya arasında uyğunluq tələbi səbəbiylə Google, reklam mətnlərinin, reklam əlavələrinin (extensions) və açılış səhifəmizin (landing page) istifadəçilərin tam da axtardığı kimi olmasını istəyir. Google Ads strukturu rəqəmsal marketoloqlara axtarış edənlər üçün daha uyğun reklamlar planlaşdırmağa və yaratmağa imkan verir.
Tutaq ki, müasir mebel satan və ev dekorasiyası üçün divan reklamları hazırlamağı planlaşdıran bir e-ticarət saytınız var. Sizcə, bu reklamlardan hansı daha yüksək CTR alacaq?
İkinci reklam istifadəçinin gözləntilərinə daha uyğun görünür, elə deyilmi? Bu səbəbdən, ikinci reklam daha çox klik və konversiya (conversion) əldə edəcək! Daha çox klik, daha yaxşı Quality Score və daha aşağı CPC (klik başına xərc) deməkdir.
Google Reklam Kampaniyalarınızda “Single Keyword Ad Group” Strategiyasını necə tətbiq etmək olar?
Ən Yaxşı Performans Göstərən Açar Sözlərinizi Tapın
Hər şeydən əvvəl, hər bir rəqəmsal marketoloq bir kampaniya yaratmazdan əvvəl açar sözlər araşdırması (keyword research) aparmalıdır. Ən çox görüntülənmə (impression) və klik əldə edən ən yaxşı açar sözlərinizi tapın. Google Reklamlardakı Search Terms bölməsindən və ya çoxlu açar söz araşdırma vasitələrindən istifadə edə bilərsiniz. Açar söz araşdırma ilə bağlı istifadə etdiyim alətləri gələcək blog yazılarımda paylaşacam.
Açar Sözləri Kateqoriyalara Ayırın
Açar sözləri kateqoriyalaşdırmaq bu strategiyanın əsas addımıdır, çünki hər bir açar sözü (və ya bu açar sözdən ibarət olan uzun açar sözləri) tək bir reklam qrupunda qruplaşdıracağıq. Məsələn: Ayaqqabılar satan bir alış-veriş saytımız varsa, hər ayaqqabı kateqoriyası üçün yeni reklam qrupları yaratmalıyıq:
“İdman ayaqqabıları” reklam qrupundakı nümunə açar sözlər:
idman ayaqqabısı
nike idman ayaqqabısı
adidas idman ayaqqabısı
qaçış üçün idman ayaqqabısı
idman ayaqqabı mağazası
idman ayaqqabı qiymətləri
idman ayaqqabı markaları
Hər Reklam Qrupu üçün Xüsusi Reklam Mətnləri Yazmaq
Açar sözlər araşdıraraq reklam qruplarına ayırdıq. Növbəti addım, reklam qrupları üçün reklam yaratmaqdır. Bu addımda rəqəmsal marketoloqlar, konversiyanı artıran reklam mətnləri yazmağa diqqət yetirməlidirlər. Bu zaman Quality Score göstəricisinin hər bir elementi nəzərə alınmalıdır. Bu o deməkdir ki, reklam istifadəçinin gözləntilərinə və açılış səhifəsinə (vebsayta) uyğun olmalıdır:
Unutmayın! Həmişə reklam başlıqlarını və mətnlərini test etməyə davam edin. Çünki kopirayter bacarıqlarınız yoxdursa, reklam mətnləriniz zəif olacaq. Bir reklam hələ də aşağı CTR alırsa, reklam mətninizi yenidən nəzərdən keçirməlisiniz.
Nəticə olaraq, tək sözlü reklam qrupları, Google Reklam alqoritminin Quality Score göstəricisindəki ən vacib amillərdən olan həm reklam uyğunluğunu (ad relevance), həm də klik dərəcəsini (CTR) artırmaq üçün effektiv bir üsuldur.