Xüsusilə dünyanın demək olar ki, bütün ölkələrində qlobal pandemiya yayıldıqdan sonra insanlar onlayn alış-verişə getdikcə daha çox aludə oldular. Onlayn alış-verişə nifrət edən və e-ticarət veb saytlarından istifadə etməyən insanlar da bu veb saytların geniş istifadəçiləri oldu. Bu hadisələrdən sonra e-ticarət veb saytları dönüşüm nisbətlərini artıraraq rəqabət üstünlüyü yaratmaq üçün yeni rəqəmsal marketinq strategiyaları inkişaf etdirməyə başladılar.
Konversiya və konversiya nisbəti nədir? (Conversion and Conversion Rate)
Konversiya (conversion) – veb saytınızdakı bir istifadəçinin anket doldurmaq, abonə olmaq və ya alış-veriş etmək kimi müəyyən olunmuş hədəfi tamamlamasıdır. Konversiya nisbəti (conversion rate) – saytda müəyyən olunmuş hədəfi tamamlayan ümumi istifadəçilərin faizini göstərən rəqəmsal bir marketinq metrikidir. (Wordstream)
Elektron ticarət (onlayn alış-veriş) veb saytında konversiya nisbətini (conversion rate) necə hesablamaq olar?
Konversiya nisbəti, konversiya sayınının ümumi alış sayına (və ya müəyyən edilmiş hər hansısa digər konversiya hədəfinə) bölünməsinə bərabərdir. Məsələn, əgər sayta daxil olan 1.000 istifadəçidən 10 nəfər alış-veriş edibsə, konversiya nisbəti 1% olacaq:
CR = (Conversions / Visitors) * 100 = (Satışlar / İstifadəçi sayı) * 100 = (10/1000) * 100 = 1%
Tanınmış şirkətlərlə yanaşı, Türkiyədəki e-ticarət müəssisələri də hər gün daha sürətlə böyüyür. Trendyol.com, Sahibinden.com, Hepsiburada.com, N11.com, Gittigidiyor.com kimi saytlar əla nümunələridir.
İnsanların alış-veriş etmək və ehtiyaclarını ödəmək üçün bu veb saytları seçmələrinin səbəbləri çoxdur. Bu postda Türkiyədəki ən sürətli böyüyən e-ticarət saytı olan Trendyol.com-un trafikinə və konversiya nisbətinə təsir edən amilləri analiz edəcəm.
Trendyol.com, 2009-cu ildə Türkiyədə qurulmuş onlayn pərakəndə alış-veriş veb saytdır. Şirkət 2020-ci ilin Noyabr ayı kampaniyalarından sonra 1.5 milyard istifadəçi, 25 milyon aktiv istifadəçi, 60 milyon məhsul satışı və 60 milyon mobil tətbiq endirilməsi iıə bir rekora imza atdı. Trendyol tədarükçülərinin satışları da keçən ilin eyni dövrü ilə müqayisədə 158% artmışdır. (Webrazzi)
Mənbə: Ubersuggest
Fərdiləşdirmə: “Sənin Üçün Xüsusi”
Trendyol fərdiləşdirmə strategiyasından mükəmməl şəkildə istifadə edir: baxdığınız məhsul səhifələri, kateqoriyalar və mağaza/brend səhifələri haqqında məlumatları yığaraq daha sonra ana səhifədə “Sizin üçün xüsusi kateqoriyalar”, “sizin üçün xüsusi məhsullar”, “sizin üçün xüsusi markalar” bölməsini yaratdılar. Daha sonra, artıq bəyənmiş olduğunuz məhsullar üçün alış-verişə rahat davam edə bilərsiniz.
Kateqoriyalaşdırılmış İstək Siyahısı: “Mənim Kolleksiyalarım”
İstəklər siyahınıza (wishlist) məhsullar əlavə etməklə yanaşı, köynəklər, zərgərlik əşyaları, ayaqqabılar, qulaqlıqlar və s. kimi kolleksiyalar adlı qovluqlarla da kateqoriyalaşdıra bilərsiniz. Bununla yaratdığınız qovluqlardakı favorit məhsulları istədiyiniz zaman tapmaq daha da asanlaşmış olur.
Mobil Tətbiqdən Gələn Bildirişlər
Veb saytdan əlavə Trendyol mobil tətbiqi Türkiyədə ən çox yüklənən alış-veriş tətbiqidir. Tətbiq müştərilərini alış-verişə cəlb etmək üçün demək olar ki, hər gün push bildirişləri göndərir. Bildirişlər yalnız kampaniyalar, xüsusi günlər haqqında deyil, eyni zamanda səbətinizə və ya istək siyahınıza əlavə etdiyiniz məhsullarla da əlaqədardır.
Təcililik (urgency) yaradan mesajlar rəqəmsal marketinqdə çox yaxşı hərəkətə keçirici alətlərdir. Robert Cialdini tərəfindən təqdim olunmuş inandırmanın qıtlıq prinsipi də bu nəzəriyyəni dəstəkləyir. Trendyol isə bu prinsipdən mobil tətbiqi vasitəsi ilə istifadə edir. İstifadəçi Trendyol-dan bəyəndiyi və ya maraqlandığı bir məhsulu favoritlər siyahısına və ya səbətə əlavə edən kimi, Trendyol bu haqda həmin an məlumatlanır və sonra qərar qəbul etmə müddətinə təsir etmək üçün mobil tətbiqdən istifadəçilərə push bildirişləri göndərir.
Misal üçün:
“Səbətə əlavə etdiyiniz məhsulun qiyməti düşdü!”
“Yalnız bir neçə ölçü qaldı!”
“Seçdiyiniz ölçüdən son 1 ədəd qaldı!”
Brendlərdən Kampaniyalar
Trendyol həm də tərkibindəki markaların yüksək endirim kampaniyaları ilə məşhurdur. Müxtəlif brendlərdən və mağazalardan demək olar ki, hər gün cəlbedici kampaniyalar yayımlayırlar. Bu kliklənən “ENDİRİM” bannerlərinin konversiya nisbətinə çox böyük təsiri var.
Sifarişlərinizi İzləməyin Asan Yolu
Sifariş prosesini asanlıqla izləmək üçün hər rahatlıq yaradılmışdır. Sifarişinizlə bağlı bütün məlumatları istədiyiniz zaman əldə edə bilərsiniz: e-poçt, push və ya tətbiqdaxili bildirişlərlə.
İstəklər Siyahınızdakı Endirimlər: “Əlavə Etdiyiniz Qiymət VS İndiki Qiymət”
Trendyol alqoritmi məhsullarınızı istək siyahınıza əlavə etdikdən sonra da işləməyə davam edir. Daha öncə əlavə etdiyiniz məhsulun qiyməti sonradan endirim kampaniyası ilə düşübsə istək siyahısı və ya səbətinizdə belə görünəcək: “Əlavə etdiyiniz qiymət 50 TL idi, indiki qiymət isə 25 TL-dir!”. Bu metod alıcıları daha çox cəlb edir!
Spesifik Axtarış Filtrləri
Trendyol hər zaman tam olaraq axtardığınızı tapmaq üçün xüsusi filtrlər, kateqoriyalar təklif edir. Alıcılar hər məhsul səhifəsinə baxmaq məcburiyyətində deyil. Dəqiq paltar, stil, marka, rəng, parça və hətta naxış belə seçə bilmək mümkündür! Məhsulları ən yenidən ən köhnəsinə, ən ucuzdan daha bahalıya, ən çox satılanlara görə də sıralaya bilərsiniz. İnsanlar hər şeyi asanlıqla əldə etməyi sevirlər.
Affiliate Marketing (Əməkdaşlıq Əsasında Yaradılan Reklam Kampaniyaları)
Gəlirlərini artırmaq üçün influencer-lərin (cəmiyyətdə müəyyən təsirə malik şəxslər, məşhurlar və ya tanınmış şirkətlərin), məhsul səhifəsini postda işarələyərək Trendyol-dakı sevimli məhsullarını sosial şəbəkələrdə paylaşması bir affiliate marketing nümunəsidir. Bu şəkildə Trendyol qısa müddətdə adını və məhsullarını milyonlarla insana çatdırmış olur. Əməkdaşlıq çərçivəsində səhifə sahibləri istifadəçiləri üçün maraqlı ola biləcək məhsulları paylaşararaq, reklam edərək, bundan gəlir əldə etmiş olurlar.
Influencer-lərin Seçimləri
Alıcılar influencer-lərə daha çox güvəndiyinə görə, onların seçdikləri məhsulları almağa daha çox meylli olurlar. Trendyol mobil tətbiqinin ana səhifəsində infleuncer-lərin seçdikləri favorit məhsulların siyahısını görə bilərsiniz.
Remarketing (Yenidən Hədəfləmə)
Trendyolun istifadəçilər veb saytda gəzərkən yerləşdirdiyi remarketing piksel kodu, istifadəçilərin daxil olduqları məhsul, mağaza səhifələri kimi məlumatları toplayır. Bu kod sayəsində istifadəçi buradan çıxaraq digər saytlara daxil olduqda belə brauzer istifadəçinin hansı saytlara daxil olduğu barədə məlumatları saxlayır. İstifadəçi başqa bir sayta girən kimi Trendyol axtarış motorunun display reklamları vasitəsilə (məs; Google Display Ads) , məhsullarını vizual və qiymətləri ilə reklam şəklində görə bilər. Yenidən hədəfləmə reklamları, istifadəçiləri alış-verişə davam etmək üçün yenidən veb sayta qaytarmaq üçün möhtəşəm metoddur.
Nəticə olaraq, Trendyol rəqəmsal marketinq strategiyasını Sosial Media Marketinqi (SMM), Affiliate Marketing, Axtarış və Display Reklamları (Search and Display Ads), Konversiya (Conversion optimization) və Axtarış Motoru Optimizasiyası (SEO) və s. kimi müxtəlif sahələrdə fəal şəkildə tətbiq edərək böyüməyə davam edir.
Pingback: Amazon.com: How Digital Psychology Redefining E-commerce?